“Azərbaycan memarlığı: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib
23 noyabr 2026 | 09:28
“Azərbaycan memarlığı: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib.
23 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan memarlığı: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib. İcra Hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə Azərbaycan memarlığının tarixi inkişaf yolu, milli memarlıq ənənələrinin qorunması, müasir şəhərsalma prosesləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə çıxış edən Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva Azərbaycan memarlığının xalqımızın zəngin tarixi-mədəni irsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, milli memarlıq nümunələrinin qorunmasının, tarixi abidələrin gələcək nəsillərə çatdırılmasının və müasir memarlıq yanaşmalarında milli üslubun yaşadılmasının əhəmiyyətindən bəhs edib. Çıxış zamanı şəhərsalma və memarlıq sahəsində həyata keçirilən yeniliklərin, müasir urbanizasiya proseslərinin və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd edib ki, Azərbaycan memarlığının keçmişdən gələn zəngin ənənələrinin müasir dövrün tələbləri ilə uzlaşdırılması gələcək nəsillər üçün estetik, funksional və dayanıqlı yaşayış mühitinin yaradılmasına mühüm töhfə verir.Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə davam edib. Təşkil olunan tədbirin əsas məqsədi Azərbaycan memarlıq irsinin təbliği, milli memarlıq ənənələrinə diqqətin artırılması və şəhərsalma sahəsində gələcək hədəflərin müzakirəsi olub.






