"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə” həsr edilmiş sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdi.
13 oktyabr 2023 | 10:09
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə” həsr edilmiş sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdi.
13 oktyabr 2023-cü il tarixdə "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə” həsr edilmiş sərbəst güləş idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Xocavənd rayon açıq birinciliyi keçirilmişdi.
Yarış Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilərək başlamışdır.
Yarışda çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində gənclərə diqqət və qayğı yüksək səviyyədə olub. Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf edib. Gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyənləşdirildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad edib. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib.
Açılış mərasimində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov bildirib ki, gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Digər çıxış edənlər yarış iştirakçılarına uğurlar arzuladı. Yarışlar gərgin idman mübarizəsi şəraitində keçdi. 10 çəki dərəcəsində I,II,III yer tutan idmançılar diplom və medallarla təltif edildi.