Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilmişdir.
27 aprel 2023 | 10:18
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilmişdir.
27 aprel 2023-cü il tarixdə Beyləqan rayonu inzibati ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsi Rayon mədəniyyət evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbir Ümummilli lider Heydər Əliyevin, eyni zamanda torpaqlarımızın müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədovu və iştirakçıları salamlamlayaraq onlara xoş arzularını bildirdi. Eyvaz Hüseynov bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Başçı bu gün Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olduğunu qeyd edərək, ölkəmiziin iqtisadi qüdrətinin artmasını onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaratdığını bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Azərbayn Ordusunun qətiyyəti sayəsində İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbənin güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsi olduğunu bildirən natiq, otuz il işğal altında qalan torpaqlarımızın məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olunduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini vurğuladı. Bu gün regionun gündəliyini Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar; Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərindən danışmışdır. Deputat müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbiolduğunu qeyd etmişdir. İntibah və milli şüurun oyanışını Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını bildirən E.Məmmədov müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını əminliklə qeyd etmişdir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Daha sonra öz Ulu öndərlə olan xatirələrini bölüşən Elman Məmmədov Heydər Əliyev ideyalarıının daim xalqımızın qəlbində əbədi yaşayacağını bildirdi. Daha sonra çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov qeyd etmişdir ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır: “Bu gün də həmin siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəltmişdir. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev yerinə yetirmişdir. Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.