Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri
21.10.2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri mövzusunda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışı zamanı bildirdi ki, məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına ən qısa vaxtda qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdəki mənzərə artıq başa çatmış Qarabağ münaqişəsinin mahiyyəti barədə çox aydın təsəvvür yaradır. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. 30 il ərzində bu torpaqlar tamamilə xarabalığa çevrilib. Ancaq Azərbaycan dövləti bu gün həmin ərazilərdə hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Bu, həm də Azərbaycan və Ermənistan arasında fərqin göstəricisidir. Azərbaycan dövləti tərəfindən aparılan bərpa işləri təkcə bu günü yox, həm də qarşıdakı bir neçə onilliyin reallıqlarını nəzərə almaqla həyata keçirilir. Çünki istənilən yaşayış yerini təkcə məhv edilmiş infrastrukturları bərpa etməklə, yenidən qurmaqla deyil, onilliklər ərzində orada həyatın necə olacağına dair strategiya, ideya əsasında qurmaq lazımdır. Çoxsaylı sınaqlardan sonra azad edilmiş ərazilərə qayıdacaq azərbaycanlılar təkcə coğrafi baxımdan deyil, həm də həyat keyfiyyəti prizmasından ən qabaqcıl dünya standartlarına uyğun yaşamağa layiqdirlər. Azərbaycan dövləti məhz öz imkanları heabına bunu həyata keçirir. Dünya ictimaiyyətindən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının səmərəli icrası istiqamətində hökumət çoxsaylı addımlar atır. Azərbaycanın sırf öz imkanları hesabına həyata keçirdiyi işlər dünyada yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Qarabağda həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.