“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir
17 aprel 2026 | 09:22
“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
17 aprel 2026-cı il tarixdə Xocavənd Rayon Mərkəzi Kitabxanasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə kitabxananın əməkdaşları, məktəblilər və gənclər iştirak edib. tədbirdə öncə Xocavənd rayonu ərazisində yerləşən tarixi abidələri haqqında təqdimatlar təqdim olunmuş, foto və video materiallar nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva bildirdi ki, aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün təsis olunması böyük əhəmiyyətə malikdir. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Natiq Xocavənd rayonunun tarixi abidələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan bölgələrindən biri də Xocavənd rayonudur. Rayon ərazisində yerləşən Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Bu gün Xocavəndin milli-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də rayonun qədim mədəni irsinin öyrənilməsi və təbliği daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, abidələrin qorunması yalnız müvafiq qurumların deyil, eyni zamanda hər bir vətəndaşın vəzifəsidir. Tarixi yerlərə münasibətdə məsuliyyətli davranmaq, onları qorumaq və təbliğ etmək hər birimizin borcudur. Həmçinin bildirilmişdir ki, müasir dövrdə turizmin inkişafı baxımından da tarixi abidələrin rolu əvəzsizdir. Qloballaşan dünyada milli-mədəni irsin qorunması daha da aktuallaşır. Bu baxımdan maarifləndirici tədbirlərin təşkili, gənclərin bu sahəyə cəlb olunması və onların məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər cəmiyyətin mədəni irsə münasibətinin formalaşmasına və bu dəyərlərin yaşadılmasına mühüm töhfə verir.






