Beynəlxalq Ailə Günü ilə bağlı 63 il birgə nikahda olan Məhərrəmovlar ailəsi ilə görüş keçirilib
15 may 2026 | 18:09
Beynəlxalq Ailə Günü ilə bağlı 63 il birgə nikahda olan Məhərrəmovlar ailəsi ilə görüş keçirilib.
15 May – Beynəlxalq Ailə Günü münasibətilə uzunömürlü və nümunəvi ailələrdən biri olan Məhərrəmovlar ailəsi ilə səmimi görüş keçirilib. Tədbirdə ailə dəyərlərinin qorunması, qarşılıqlı hörmət, sədaqət və ailə birliyinin cəmiyyət üçün əhəmiyyətindən danışılıb. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini - Əfsanə Quliyeva və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Görüş zamanı xatirələrini paylaşan Baxşeyiş Məhərrəmov bildirib ki, O, 14 avqust 1933-cü ildə Xocavənd rayonunun Salakətin kəndində fəhlə ailəsində anadan olub. 1952-ci ildə SSR hərbi birləşmələrində xidmət etmiş və hərbi xidmətdən sonra Salakətin kənd M.Hüseyinzadə adına Kolxozda fəhlə kimi çalışmışdır. 1963-cü ildə həyat yoldaşı Telli Məhərrəmova ilə ailə həyatı qurmuş və ailəsilə birgə həmin kənddə yaşamışdır. Onlar 30.10. 1991-ci il tarixdə I Qarabağ müharibəsi zamanı doğma kəndlərindən məcburi köçkün düşmüşlər. 1991-ci il tarixdən 2008-ci il tarixinədək Beyləqan rayonu Xalaç kəndi ətrafında, 2008-ci il oktyabr ayından isə Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində yaşamağa başlamışlar. 63 il birgə ömür sürən Məhərrəmovlar ailəsi həyatın müxtəlif çətinliklərinə baxmayaraq, ailə birliyini, qarşılıqlı sevgini və hörməti qoruyub saxlamağı bacarıb. Onların övladları olmasa da, bu hal ailə münasibətlərinə heç vaxt mənfi təsir göstərməyib. Əksinə, onlar bir-birilərinə dayaq olaraq uzun illər ərzində mehriban və nümunəvi ailə modeli formalaşdırıblar. Görüş zamanı qeyd olunub ki, ailənin möhkəmliyi yalnız övlad sayı ilə deyil, ailə üzvləri arasındakı sevgi, anlayış və sədaqətlə ölçülür. Məhərrəmovlar ailəsi də məhz bu dəyərləri yaşadaraq gənc nəsil üçün örnək olublar. Onların həyat yolu ailənin əsasının qarşılıqlı etibar, qayğı və mənəvi bağlılıq üzərində qurulduğunu bir daha nümayiş etdirir. Əfsanə xanım Quliyeva ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulayaraq, Məhərrəmovlar ailəsinə sağlam və uzun ömür, xoş günlər arzulayıb. Görüş səmimi söhbət və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.






