Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə Günü ilə bağlı 65 il birgə nikahda olan Hüseynovlar ailəsi ilə görüş keçirilib.

15 may 2023 | 15:07
   Beynəlxalq Ailə Günü ilə bağlı 65 il birgə nikahda olan Hüseynovlar ailəsi ilə görüş keçirilib.
  15 may 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Ailə Günü münasibətilə rayonun uzunömürlü ailələrindən olan Hüseynovlar ailəsi ziyarət olunub. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, icra hakimiyyətinin əməkdaşları iştirak ediblər.
  Görüş zamanı xatirələrini paylaşan Hüseynov Arazxan bildirib ki, o vaxtlar bizim atalarımız dost olublar. Mal-qoyun növbəsinə birgə yollanıblar. Yenə bu günlərdən birində sözləşiblər ki, bizi gələcəkdə evləndirsinlər. Mən 1954-cü ildə hərbi xidmətə yollandım. Hərbi xidmətdən 1958-ci ildə qayıtdım. Qayıdan kimi də ailə həyatı qurdum. Düz 65 ildir ki, Durna xanımla eyni damın altında ömür sürürük. 9 övladımız var. Onlardan 5-i qız, 4-ü oğlandır. 19 nəvəmiz, 12 nəticəmiz var. Mənim uzun ömürlü ailənin bünövrəsi mehribanlıqdır. Bir ailədəki mehribanlıq var, demək o ailə uzun ömürlü olacaq. Demək o ailədə bir nəfər od olanda, o birisi su olacaq. Mən düz 38 il mexanizator işləmişəm. Sürücü kimi çalışmışam. İşlədiyim müddətdə həmişə bolluq olub. Düzdür əziyyətimiz çox idi. Hər gün zəhmət çəkirdik. Ancaq zəhmət bizi daha çox birləşdirir, mehribanlaşdırırdı. Biz həmişə dinc ailə olmuşuq. 9 övladımın, nəvə-nəticələrimin toylarını eləmişik. Hamısına öz tövsiyyələrimizi vermişik ki, çalışın dinc yaşayın, zərbəni eyni nöqtəyə vurun, zəhmətkeş olun. Əgər zəhmətkeş olmasanız, onda mehriban da olmayacaqsınız. Bizim ailənin ən çətin dövrü Birinci Qarabağ müharibəsi dövrü idi. Ailəmiiz o dövrdə çox itki verdi. Pis günə qaldı. Evimizi dolu qoyub çıxmağa məcbur olduq. Yadşıma düşür ki, mən o vaxt tir tüfəngi ilə ermənilərə qarşı döyüşürdüm. Əsində o vaxt hamı döyüşürdü. Hətta həyat yoldaşım Durna xanım çiynindən qəlpə yarası almışdı. Qaradağlı kəndində faciə baş vermişdi. Nə qədər günahsız insan qırıldı. Mənim anam Hüseynova Rəşxəndə Məhəmməd qızı, bacım Hüseynova Səbiqə Mürsəl qızı müharibə şəhid olub. Eyni zamanda oğlum Hüseynov Almazxan yaralanıb. Həyat yoldaşım Durna xanımın da qardaşı Mamedov Tohid Cəlil oğlu müharibədə həyatını itirmişdi. Bu qədər faciədən sonra bizim ailəmiz Ağdamın Əfəti kəndində məskunlaşdı. Çətin zamanalrdan keçdiyimiz bu illərdə Ağdam camaatı bizə əl tutdu, kömək durdu. Ağır güzəran keçirsək də, yenə özümüzü düzəldə bildik, nəvə-nəticələri böyütdük.
  Bu gün hər şeydən razıyıq. Dövlət tərəfindən bizə ev verilib. Ali Baş Komandan İlham Əliyevin əməyi və iradəsi nəticəsində torpaqlarımız azad olundu. Mən illərlə bu günlərin arzusunu öz ürəyimdə daşımışam. İndi o torpaqlara qayıtmağı səbrsizliklə gözləyirəm.
  Görüşdə gələcək nəslə nümunə olan Hüseynovlar ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd ediblər. Ailə dəyərlərinin qorunub saxlanılmasının cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olmasını xüsusi vurğulayıblar.
Keçidlər