Şriftin ölçüsü :

Saytın rəngi :

Bölgələrdə gender problemlərinin təhlili” mövzusunda dəyirmi masa keçirilib

25 iyun 2026 | 09:14
"Bölgələrdə gender problemlərinin təhlili” mövzusunda dəyirmi masa keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti və “Regional Gender Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Bölgələrdə gender problemlərinin təhlili” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayonun aidiyyəti qurumlarının nümayəndələri, ictimai fəallar, təhsil və mədəniyyət işçiləri, qadınlar və gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov bildirmişdir ki, gender bərabərliyi müasir cəmiyyətin inkişaf göstəricilərindən biri olmaqla yanaşı, insan hüquqlarının təmin edilməsinin vacib tərkib hissəsidir. Azərbaycanda bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılmış, qadın və kişilər üçün bərabər imkanların yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.Bununla belə, regionlarda gender məsələlərinin müzakirəsi və mövcud problemlərin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qadınların iqtisadi fəallığının artırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və bərabərliyin təşviqi hər birimizin diqqət mərkəzində olmalıdır. Bu gün keçirilən tədbirin əsas məqsədi bölgələrdə gender sahəsində mövcud vəziyyəti təhlil etmək, problemləri müəyyənləşdirmək və onların həlli istiqamətində birgə fəaliyyət imkanlarını müzakirə etməkdir.Əminəm ki, bugünkü müzakirələr gender bərabərliyinin təşviqi istiqamətində yeni təşəbbüslərin formalaşmasına və əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.
Daha sonra “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova qeyd etdi ki, gender bərabərliyi yalnız qadınların hüquqlarının müdafiəsi deyil, bütövlükdə cəmiyyətin sosial rifahının, iqtisadi inkişafının və demokratik dəyərlərinin möhkəmləndirilməsinin əsas şərtlərindən biridir. Regionlarda aparılan müşahidələr göstərir ki, maarifləndirmə işlərinin gücləndirilməsinə, qadınların sosial və iqtisadi imkanlarının artırılmasına, eləcə də gender stereotiplərinin aradan qaldırılmasına ehtiyac qalmaqdadır. Layihəmizin məqsədi bölgələrdə gender problemlərini araşdırmaq, yerli icmaların bu sahədə ehtiyaclarını müəyyən etmək və həll yollarının hazırlanmasına töhfə verməkdir. Bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və yerli ictimaiyyət arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, bu gün burada səsləndirilən fikir və təkliflər gələcək fəaliyyətimiz üçün mühüm töhfə olacaq, gender bərabərliyinin təmin olunması istiqamətində birgə səylərimizi daha da gücləndirəcəkdir.
Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən bölgələrdə mövcud gender məsələləri, onların həlli yolları, qadınların qərar qəbuletmə proseslərində iştirakının genişləndirilməsi və gender bərabərliyinin təşviqi istiqamətində təkliflər səsləndirilmişdir. Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmış və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Keçidlər