Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocavənd rayonunun Tuğ kənd tam orta məktəbində olub.
26 yanvar 2023 | 10:57
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocavənd rayonunun Tuğ kənd tam orta məktəbində olub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun təşkilatçılığı ilə 7 regionda keçirilən "Sağlam yeniyetməlik" layihəsi çərçivəsində 26 yanvar 2023-cü il tarixdə Xocavənd rayonunun Tuğ kənd tam orta məktəbinə səfər etmişdir. İlk öncə məktəblə tanış olan səfirə qədim Tuğ kəndi və 140 illik tarixi olan Tuğ kənd tam orta məktəbi haqqında geniş məlumat verilmişdir. Sonra keçirilən görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva rayon rəhbərinin və bütün xocavəndlilərin salamını cənab Fergus Aulda çatdırmış, qədim Tuğ məktəbində keçirilən bu görüşdən məmnunluğunu ifadə etmişdir. 30 illik tarixə malik olan Böyük Britaniya-Azərbaycan arasında əlaqələrin tarixi və strateji əhəmiyyətini vurğulayan Əfsanə Quliyeva 44 günlük müharibə dövründə BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, məhz Britaniyanın buna yol vermədiyini, nəticədə çevik və prinsipial mövqenin ədalətin bərqərar olmasına kömək göstərdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld mehriban və isti münasibətə görə minnətdarlığını bildirmiş, qədim tarixə malik Tuğ kənd tam orta məktəbində olmağından məmnunluğunu ifadə etmişdir. Azərbaycanda olduğu 5 ay müddətində Azərbaycanın bir çox rayonlarında olduğunu bildirən səfir insanların qonaqpərvərliyinin onu daha çox cəlb etdiyini, Azərbaycan mətbəxini, mədəniyyətini sevdiyini dilə gətirmişdir. Tədbirin mahiyyətinə diqqət çəkən Səfir öz fəaliyyətində təhsil və gender məsələlərinin prioritet istiqamət olduğunu vurğulamış, gələcəkdə bu istiqamətdə həyata keçirilən layihələrin daim dəstəklənəcəyini bildirmişdi.
BREN layihəsi ölkə üzrə koordinatoru Qorxmazova Kamilə danışaraq Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən BREN layihəsinin Cənubi Qafqazda qeyri-dövlət aktorlarının və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artıraraq, onların bu regionda sülh, sabitlik və təhlükəsizliyə transformativ, inklüziv və davamlı töhfələr verə bilmək qabiliyyətlərini gücləndirmək məqsədi daşıdığını bildirmişdi.
"Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun rəhbəri Leyla Cahangirova çıxış edərək 7 regionda keçirilən "Sağlam yeniyetməlik" təlimləri haqqında danışmış, layihənin məqsədi, hədəfi və əldə olunan nəticə haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbir şagirdlərlə maraqlı diskussiya şəklində davam etmişdir. Sonda xatirə şəkilləri çəkilmişdi.