Davamlı siyasi-iqtisadi islahatlar
01.12.2022-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Davamlı siyasi-iqtisadi islahatlar mövzusunda tədbir keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva çıxışı zamanı bildirdi ki, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir.Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.