Dövlət qulluğunda 42 illik şərəfli yol
29 aprel 2025 | 09:08
Dövlət qulluğunda 42 illik şərəfli yol!
2025-ci il aprelin 29-da Xocavənd Rayon Maliyyə Şöbəsinin Gəlirlərin və Xərclərin Proqnozlaşdırılması Sektorunun aparıcı məsləhətçisi, 42 illik peşəkar fəaliyyəti ilə seçilən Məmmədov Şahpələng Məmmədəli oğlunun dövlət qulluğunda yaş həddini tamamlayaraq təqaüdə yola salınması münasibətilə mərasim keçirildi. Tədbir Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən akt zalında baş tutdu. Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri Azər Süleymanov, Əfsanə Quliyeva, Maliyyə Şöbəsinin kollektivi, müxtəlif dövlət qurumlarının nümayəndələri və ictimaiyyət iştirak etdi.Tədbirin açılış nitqini Xocavənd Rayon Maliyyə Şöbəsinin rəisi Bəhruz Məmmədov etdi. O, çıxışında qeyd etdi ki, Şahpələng Məmmədov 1983-cü ildə Beyləqan Rayon Maliyyə Şöbəsində iqtisadçı vəzifəsində əmək fəaliyyətinə başlamış, uzun illər ərzində eyni sahədə dövlət qulluğunda çalışaraq, peşəkarlığı və sadiqliyi ilə seçilmişdir. Son dövrlərdə isə o, Xocavənd Rayon Maliyyə Şöbəsində uğurlu fəaliyyətini davam etdirmişdir.
Bildirildi ki, ölkəmizdə həyata keçirilən dayanıqlı və şəffaf maliyyə siyasətinin bölgələrdə uğurla icrası məhz belə fədakar və etibarlı dövlət qulluqçularının əməyi sayəsində mümkün olmuşdur.Daha sonra çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Maliyyə Şöbəsinin fəaliyyətindən məmnunluğunu ifadə edərək, Şahpələng Məmmədovun dövlət idarəçiliyindəki xidmətlərinin rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğuladı. O, belə peşəkar və məsuliyyətli kadrların xidmətlərinin daim yüksək qiymətləndirildiyini xüsusi qeyd etdi.Tədbirdə qeyd olundu ki, Şahpələng Məmmədov əmək fəaliyyətinə başladığı gündən indiyə qədər dövlət qulluğunda 42 illik şərəfli yol keçmişdir. Onun uzunmüddətli təcrübəsi, maliyyə idarəçiliyi sahəsindəki bilik və bacarığı dövlət orqanlarının işinin səmərəli təşkili işinə mühüm töhfələr vermişdir.Əlavə olaraq vurğulandı ki, Şahpələng Məmmədov əslən Xocavənd rayonundan olmasa da, işğaldan azad olunmuş bu torpağın iqtisadi göstəricilərinin formalaşmasında maliyyə işçisi kimi fəaliyyət göstərməkdən qürur duyur. Şahpələng müəllim çıxışında qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra, azad olunmuş Xocavənd rayonunun iqtisadi göstəricilərinin inkişafına maliyyə sahəsində xidmət göstərmək onun üçün böyük qürur və mənəvi məsuliyyət olmuşdur.Bildirdi ki, hazırda idarə və müəssisələr hələ tam şəkildə Xocavənd rayonu ərazisinə köçməsə də, Şahpələng Məmmədov həmin rayonun maliyyə idarəçiliyinin təşkili və formalaşdırılması istiqamətində əməli fəaliyyət göstərmişdir.Tədbirin sonunda Şahpələng Məmmədov Xocavənd Rayon İcra Hakimiyyəti başçısının və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin Fəxri Fərmanları ilə təltif olundu, eləcə də kollektiv tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.Çıxış edən Şahpələng Məmmədov göstərilən diqqət və ehtirama görə dərin minnətdarlığını bildirərək, təqaüd yaşına qədər dövlətə sədaqətlə xidmət etməyin onun üçün ən böyük qürur olduğunu qeyd etdi.O, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Maliyyə naziri cənab Sahil Babayevə və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynova dövlət qulluqçularına göstərilən yüksək diqqət və dəstəyə görə təşəkkürünü bildirdi.Tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkildi. Bu mərasim, dövlət idarəçiliyində peşəkarlığın, sədaqətin və insani dəyərlərə verilən yüksək qiymətin parlaq nümunəsi kimi yadda qaldı.