“Dövlət qulluqçularının etik davranışı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Xocavənd Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranışı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak etmişdirlər.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Azər Süleymanov “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun mühüm əhəmiyyətindən bəhs etmişdir. A.Süleymanov bildirmişdir ki, bu Qanunun əsas məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, eləcə də dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir. Çıxış zamanı Qanunda nəzərdə tutulmuş hər bir etik prinsipləri — vicdanlı davranış, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik, insan və vətəndaş hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə hörmət, ictimai ehtiram, mədəni davranış və konfidentsiallıq məsələləri barədə geniş və ətraflı məlumat verilmişdir. Daha sonra dövlət organlarında etik davranış qaydalarına daha ciddi və dürüst riayət olunması, inzibati vəzifə tutan dövlət qulluqçularının, rəhbər vəzifəli şəxslərin və dövlət qulluğuna yeni qəbul olunan gənc əməkdaşların etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının ardıcıl inkişaf etdirilməsi məsələləri xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.






