Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 23.11.2018-ci il 739 nömrəli Sərəncamının 8.9.3. bəndinin icrası ilə bağlı bildiririk ki, Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısının müavini, dövlət qulluqçularının etik-davranış qaydaları üzrə komissiyanın sədri Azər Süleymanov Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri və prinsipləri, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər, habelə Strategiyanın 2023-2025-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti barədə iştirakçılara məlumat vermişdir. Təlim zamanı, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinin zəruriliyi bildirilib.






