Şriftin ölçüsü :

Saytın rəngi :

“Ekoloji tarazlığın qorunması və su ehtiyatlarından səmərli istifadə” mövzusunda dəyirmi masa keçirilmişdir

25 iyun 2024 | 17:24
  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın qorunması və su ehtiyatlarından səmərli istifadə” mövzusunda dəyirmi masa keçirilmişdir.
  25 iyun 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın qoruması və su ehtiyatlarından səmərli istifadə” mövzusunda dəyirmi masa keçirilmişdir.
  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu artırmaq, iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq və iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir. 1990-cı illərdən başlayaraq Ermənistan işğal etdiyi ərazilərimizdə genişmiqyaslı ekoloji terror törətmişdir. Topxana meşəsində adı Qırmızı Kitaba düşən qiymətli ağacların kütləvi qırılması, mövcud su mənbələrinin, çayların zəhərli maddələrlə çirkləndirilməsi, yeraltı və yerüstü təbii sərvətlərin talan olunması və digər çirkin addımların atılması ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Azərbaycan ekoloji terrordan daha çox əziyyət çəkən ölkədir. Bu baxımdan ölkəmizin COP29 kimi vacib beynəlxalq tədbirə ev sahibliyi etməsi yaxşı bir məqamdır.
  Tədbirdə çıxış edən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri İsrafil Paşayev iqlim dəyişikliyinin mahiyyəti barədə məlumat verərək bu prosesin mürəkkəb olduğunu bildirib. O, həmçinin iqlim dəyişikliyinə səbəb olan sahələr, qlobal istiləşmə, eyni zamanda dayanıqlı inkişafın məqsədlərindən söz açıb.
  Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev çıxışı zamanı bildirib ki, 30 il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərdə suvarma şəbəkələri, hidroqovşaqlar, kollektor-drenaj şəbəkəsi, hidrotexniki qurğular, subartezian quyular yenidən qurulur. Həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə Respublikamızın digər bölgələri kimi Xocavənd rayonunda da bol məhsuldarlığın yaranmasına imkan verəcək .
  Tədbirdə həmçinin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə iştirakçılar məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə məlumat verilib .
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər