Şriftin ölçüsü :

Saytın rəngi :

Erkən uşaqlıq dövründə inkişaf və erkən və qohum nikahlarının fəsadları və məişət zorakılığı mövzusunda dəyirmi masa keçirilmişdir

22 iyul 2025 | 15:14
  Erkən uşaqlıq dövründə inkişaf və erkən və qohum nikahlarının fəsadları və məişət zorakılığı mövzusunda dəyirmi masa keçirilmişdir.
  22 iyul 2025-ci il tarixdə Beyləqan rayonu ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyətinin iclas zalında və Ağcabədi şəhəri 556 ailəlik hündürmərtəbəli yaşayış massivi, Xocavənd kənd Mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyəti və Regional Gender Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Erkən Uşaqlıq dövründə İnkişaf” və “Erkən və qohum nikahlarının fəsadları”, "Məişət zorakılığına qarşı birgə mübarizə edək"  mövzusunda dəyirmi masa keçirilmişdir. Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən dəyirmi masada çıxış edən İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov bildirmişdir ki, erkən uşaqlıq dövrü insan həyatında inkişaf baxımından ən həssas və əhəmiyyətli mərhələlərdən biridir. Bu dövr ərzində uşağın bədəni, beyni, emosional və sosial bacarıqları sürətlə formalaşır. Uşağın gələcək şəxsiyyətinin və öyrənmə potensialının təməli bu dövrdə qoyulur. Natiq həmçinin qeyd etmişdir ki, erkən uşaqlıq dövründə uşaqların düşünmə, öyrənmə və problem həll etmə bacarıqlarının sürətlə inkişaf etdiyi zamandır. Daha sonra çıxış edən Regional Gender Mərkəzi İcimai Birliyinin sədri Şərqiyyə Dadaşova iştirakçılara erkən uşaqlıq dövrünün müxtəlif aspektləri-fiziki, psixoloji, sosial, emosional və dil inkişafı sahələri, eyni zamanda valideynlərin və ətraf mühitin rolu barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, erkən uşaqlıq dövrü insan həyatının ən kritik və təməlqoyucu mərhələsidir. Bu dövr uşağın beyin strukturlarının formalaşdığı, dünyanı dərk etməyə başladığı və şəxsiyyətinin bünövrəsinin atıldığı bir zaman kəsiyidir. Uşaqların bu dövrdə aldıqları təhsil, gördükləri qayğı və ətraf mühitlə münasibətləri onların gələcək həyat keyfiyyətinə və cəmiyyətə inteqrasiyasına birbaşa təsir göstərir.Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, erkən uşaqlıq dövrü insan həyatında dəyişməz əhəmiyyətə malik bir mərhələdir. Bu dövrdə uşağa verilən diqqət, təhsil və qayğı onun gələcəkdəki akademik uğurlarına, münasibətlərinə və cəmiyyətə faydalı bir fərd olaraq formalaşmasına əsas yaradır. Qeyd olunmuşdur ki, erkən uşaqlıqda qoyulan doğru bünövrə sağlam, özünə güvənən, yaradıcı və məsuliyyətli bir insanın formalaşmasında ən vacib amildir.
  Ağcabədi şəhəri 556 ailəlik hündürmərtəbəli yaşayış massivi, Xocavənd kənd Mədəniyyət evində keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rövşən Babayev bildirmişdir ki, cəmiyyətlərin rifahı və inkişafı, ailənin möhkəmliyi və sağlamlığı ilə sıx bağlıdır. Ailə qurmaq, insan həyatında böyük məsuliyyət tələb edən, düşünülmüş və yetkin qərar olmalıdır. Təəssüf ki, bir sıra bölgələrdə hələ də erkən və qohum nikahları geniş yayılmışdır. Bu cür nikahlar qədimdən gələn adət-ənənələrin, sosial təzyiqlərin və maariflənmə çatışmazlığının nəticəsi olaraq yaşamaqda davam edir. Regional Gender Mərkəzi İcimai Birliyinin sədri Şərqiyyə Dadaşova çıxışında erkən və qohum nikahları barədə danışaraq qeyd etmişdir ki, bu cür nikah formalarının yəni, bioloji cəhətdən yaxın qohumlar arasında bağlanan evliliklərin və ya uşaqlıq çağında, psixoloji və fiziki baxımdan hələ yetişməmiş fərdlərin ailə qurmasının həm fərdi, həm də ictimai səviyyədə ciddi fəsadlara səbəb olduğu elmi və tibbi cəhətdən dəfələrlə sübuta yetirilmişdir. Şərqiyyə Dadaşova həmçinin bildirmişdir ki, qız uşaqları erkən evləndirildikdə, təhsildən uzaq qalır, peşə əldə etmək və iqtisadi müstəqillik imkanlarını itirirlər. Bu isə onların gələcəkdə ailədaxili zorakılıq, asılılıq və yoxsulluq içində yaşamaq riskini artırır. Tədbirdə digər çıxış edənlər qeyd etmişlər ki, Erkən və qohum nikahları bir çox insan üçün adət və ənənələrin, ailə təzyiqlərinin diktəsi ilə seçilən qərarlardır. Bu cür nikah formalarının doğurduğu fəsadlar təkcə həmin fərdlərin deyil, bütövlükdə cəmiyyətin gələcəyinə təsir edir. Təhsilsiz, sağlamlıqdan məhrum, psixoloji gərginlik içində böyüyən nəslin inkişaf etmiş bir cəmiyyət qurması mümkün deyil.
Keçidlər