“Gənclər arasında dini radikalizmin profilaktikası və dövlət-din münasibətləri”nə həsr olunmuş dəyirmi masa keçirilib.
09 oktyabr 2024 | 12:26
“Gənclər arasında dini radikalizmin profilaktikası və dövlət-din münasibətləri”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocavənd 500 ailəlik qəsəbədə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında “Gənclər arasında dini radikalizmin profilaktikası və dövlət-din münasibətləri”nə həsr olunmuş dəyirmi masa keçirilib. Gəncləri milli-mənəvi, həmçinin dini dəyərlərə hörmət etməyə, radikal və qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qoşulmamağa səsləmək, ölkəmizdə milli-mənəvi dəyərlərin və onun tərkib hissəsi olan İslami dəyərlərin, həmçinin tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə gənclərin məlumatlılığını artırmaq məqsədi ilə keçirilən tədbirdə 36 nəfər iştirak etmişdir.
Çıxış edənlər ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıblar. Qeyd edilib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, İslam dininin yüksək mənəvi-əxlaqi, insani və ümumbəşəri prinsiplərinin cəmiyyətdə aşılanması, dini dəyərlərin düzgün təbliğ edilməsi, dinin siyasiləşdirilməsinə, o cümlədən milli təhlükəsizliyimizə edilən təhdidlərə qarşı mübarizənin gücləndirilməsi gənclərin dini radikalizmə meylləndirilməsinin qarşısını ala bilər.
Tədbirdə həmçinin dövlət-din münasibətlərindən bəhs edən slayd nümayiş olunub. Daha sonra gənclər mövzu ilə bağlı öz fikirlərini bildiriblər.