Gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda dəyirmi masa keçirilib
08 oktyabr 2025 | 09:10
Gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda dəyirmi masa keçirilib.
08 oktyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında "Konstitusiya və Suverenlik İli" çərçivəsində gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə təşkil edilib.
Gəncləri milli-mənəvi, həmçinin dini dəyərlərə hörmət etməyə, radikal və qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qoşulmamağa səsləmək, ölkəmizdə milli-mənəvi dəyərlərin və onun tərkib hissəsi olan İslami dəyərlərin, həmçinin tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə gənclərin məlumatlılığını artırmaq məqsədi ilə keçirilən tədbirdə 38 nəfər iştirak edib.
Çıxış edənlər ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıblar.






