Gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirici tədbirlər keçirilir.
06 dekabr 2023 | 16:11
Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası) ilə bağlı maarifləndirici tədbirlər keçirilir.
06 dekabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tuğ kənd tam orta məktəbində sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayon sektoru, məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Görüşdə şagirdlərə sağlam həyat tərzini təbliğ edən məlumat vərəqələri paylanmış, maarifləndirici söhbətlər aparılmışdır. Çıxış edənlər bildirmişlər ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ təsbit edilib. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi, habelə gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi üzrə müddəaların əks olunduğu barədə məlumat verilib. Həmçinin diqqətə çatdırılıb ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda sağlamlığın qorunmasının əsas prinsipləri müəyyən edilir. Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi bu prinsiplərə aiddir. Ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni və müasir standartlara cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, bu sahədə maarifləndirmə işinin aparılması, səhiyyə aylığının keçirilməsi, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən çəkinmək və xilas olmaq, HİV/AİDS və Narkomaniya kimi bəşəriyyətin bəlasına çevrilmiş xəstəliklərə qarşı mübarizə tədbirləri əhalinin sağlamlının qorunması hüququnun təmin edilməsinin əsas komponentlərindən sayılır.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış və mövzu ilə bağlı müzakirələr aparılmışdır.