Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclik narkomaniyaya yox deyir” layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib.

15 aprel 2022 | 16:10
  "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 15 aprel 2022-ci il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə “Gənclik narkomaniyaya yox deyir” layihəsi çərçivəsində növbəti təlim kursu keçirib.
    Xocavənd Rayon Mədəniyyət Evində 27 gəncin iştirakı ilə keçirilən təlimdə Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev çıxış edərək narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bu gün dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olub.
   A. Quliyev qeyd edib ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. Gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin.
   Təlimçi Rasif Qaçayev “Gənclik narkomaniyaya yox deyir” layihəsi çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparıb, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya və digər neqativ vərdişlərdən uzaq durmasının önəmini diqqətə çatdırıb.
  Təlim zamanı tədbir iştirakçılarına narkomaniyaya aid hazırlanmış bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar paylanılıb, layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Keçidlər