“Gənclik və sağlam gələcək” mövzusunda dəyirmi masa keçirilib
26 may 2026 | 09:12
Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Gənclik və sağlam gələcək” mövzusunda dəyirmi masa keçirilib.
26 may 2026-cı il tarixdə Xocavənd Rayon Prokurorluğunun təşkilatçılığı ilə Beyləqan rayonunun inizibati ərazisi, 146 ailəlik qəsəbədə fəaliyyət göstərən Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Gənclik və sağlam gələcək” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Dəyirmi masanı giriş sözü ilə açan Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Zülfiyyə Tahirova müasir dövrün ən ağrılı problemlərindən olan narkomaniyanın fəsadlarından, bu bəlanın insan sağlamlığına və mənəviyyatına vurduğu sağalmaz yaralardan bəhs edib. Direktor məktəblilərin bu mövzuda məlumatlı olmasının onların gələcək həyatındakı qoruyucu rolunu xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Xocavənd rayon prokurorluğunun müstəntiqi Sənan Məmmədov mövzunun hüquqi və sosial tərəflərinə toxunaraq gənclərə mühüm tövsiyələr verib. Müstəntiqi qeyd edib ki, narkomaniya ilə effektiv mübarizədə hüquqi cəza tədbirləri ilə yanaşı, gənclərin bu bəladan uzaq durması üçün maarifləndirmə tədbirlərinin müntəzəm və ardıcıl keçirilməsi xüsusi önəm daşıyır. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov çıxış edərək narkotik vasitələrin asılılıq yaratma mexanizmləri, hüquqi məsuliyyət və cəmiyyətdə doğurduğu sosial bəlalar barədə şagirdlərə geniş məlumat verib. N.Şirinov Azərbaycan dövlətinin bu sahədə apardığı qətiyyətli və ardıcıl mübarizə siyasətini diqqətə çatdıraraq, sağlam və güclü gələcək naminə hər bir gəncin bu məsələdə ayıq-sayıq olmasının, ictimai məsuliyyət hissi daşımasının vacibliyini qeyd edib.
Sonda mövzu ətrafında məktəblilərlə geniş diskussiya aparılıb, şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.






