“Gənclik-yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi
02 fevral 2026 | 09:21
“2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gənclik-yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi.
Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral 2026-cı il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gənclik - yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, müxtəlif sahələrdə uğur qazanan gənclərlə bərabər Vətən Müharibəsi qaziləri və veteranlarının da qatıldığı forumda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O, bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər. Eyvaz Hüseynov gənclərin təhsil, idman, mədəniyyət və innovasiya sahələrində əldə etdikləri uğurlardan danışaraq, onların potensialına daim dəstək göstərildiyini də qeyd edib. RİH başçısı vurğulayıb ki, hər zaman Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır.
Tədbirdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən, gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamağa, vətənin inkişafı üçün səylə çalışmağa səsləyən çıxışlar səsləndi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi.
“2 Fevral - Azərbaycan Gəncləri Günü”nü qeyd etmək, dövlətin gənclərlə iş sahəsində yürütdüyü siyasət, Azərbaycan gəncliyinin tərəqqisi, gələcəkdə daha firavan yaşaması naminə həyata keçirilən məqsədyönlü işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq məqsədi ilə keçirilən tədbirdə 64 nəfər iştirak edirdi.
Sonda 2025-ci il ərzində yüksək nailiyyətlər əldə edən, fəallığı ilə seçilən bir qrup gənc Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.






