Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 2-ci ildönümü münasibətilə tədbir keçirilib.
09 oktyabr 2022 | 12:57
Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 2-ci ildönümü münasibətilə tədbir keçirilib.
Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 2-ci ildönümü ilə əlaqədar 09 oktyabr 2022-ci il tarixdə Xocavənd qəsəbəsi "Şəhidlər" Memorial Abidə Kompleksində ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdi.Tədbir Şəhidlərin məzarlarının ziyarət edilməsi ilə başlandı. Tədbir iştirakçıları ilk öncə ölkəmizin azadlığı, suverenliyi və müdafiəsi uğrunda canını qurban vermiş vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Başçı həmçinin bildirdi ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atdı. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edildi. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırdı, Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.
Tədbirdə digər çıxış edənlər də Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin tarixi, strateji əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, xüsusən də Qarabağın ən dilbər guşələrindən olan Hadrut qəsəbəsinin işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Tədbir zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin təşkilatçılığı ilə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi də keçirilib.
Sonda Salakətin kənd tam orta məktəbinin məktəblilərinin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunmuşdur.