“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı Arzu Balakişiyeva
07 may 2025 | 09:00
“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı Xocavənd rayon Əmirallar kənd sakini Arzu Balakişiyeva:
“Mən Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ixtisası üzrə I kurs tələbəsiyəm. Hər zaman təhsilə böyük önəm vermişəm və bu sahədə daha da irəliləmək üçün çalışmışam. Universitetə qəbul olmaq mənim üçün böyük bir sevinc idi, elə həmin il “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramına seçilməyim mənə daha inamla irəliləmək üçün motivasiya verdi. Eləcə də, təhsil həyatımda daha da məsuliyyətli olmağımı təmin etdi.
Dövlətin xüsusilə qızların inkişafına verdiyi önəmin göstəricisi olan bu təqaüd proqramından yararlanan 100-lərlə qızdan biri olmaq mənim üçün böyük motivasiyadır.
Keçirilən təlimlər və seminarlar da mənim şəxsi və peşəkar inkişafım üçün çox dəyərlidir.
Təqaüd proqramı Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Bu yolda bizədəstək olan hər kəsə təşəkkürümü bildirirəm.
İnanıram ki, hər bir qızın uğur hekayəsi onun təhsili ilə başlayır. Biz oxuduqca, inkişaf etdikcə, Azərbaycan qadınının nə qədər güclü və bacarıqlı olduğunu göstərməyə nail olacağıq".