Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirib.
13 sentyabr 2023 | 17:18
“Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirib.
13 sentyabr 2023-cü il tarixdə “ Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirib. Tədbirdə YAP veteranlar şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu , YAP mərkəzi Aparatının əməkdaşı Elmar Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 90-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən Onun hər kəsə Vətəni sevməyi öyrətməsi xüsusi vurğulanır, çünki atılan bütün addımların əsasında dövlət, xalq sevgisi, Ulu Öndərin canından artıq sevdiyi Azərbaycanın imzasını imzalar arasında görmək istəyi dayanırdı.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək bildirdi ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi onların mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev gərgin fəaliyyəti və müstəsna xidmətləri ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi keçmiş Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün ən xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına cəsarət edə bilməmişdilər. 1982-ci ildə Qarabağın ən uca zirvəsində - Şuşada Azərbaycan varlığının canlı təcəssümü kimi Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı.
Digər çıxış edənlər - partiya fəalları Aslan Quliyev, Məmləkət İbrahimova bildiriblər ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.