Şriftin ölçüsü :

Saytın rəngi :

 “Heydər Əliyev İli” çərçivəsində, Səhiyyə işçilərinin peşə bayramı münasibətilə “Müasir Azərbaycan səhiyyəsinin qurucusu” mövzusunda tədbir keçirilmişdir.

13 iyun 2023 | 10:38
   “Heydər Əliyev İli” çərçivəsində, Səhiyyə işçilərinin peşə bayramı münasibətilə “Müasir Azərbaycan səhiyyəsinin qurucusu” mövzusunda tədbir keçirilmişdir.
   13 iyun 2023-cü il tarixdə Xocavənd Rayon Mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində, Səhiyyə işçilərinin peşə bayramı münasibətilə “Müasir Azərbaycan səhiyyəsinin qurucusu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbərliyi və səhiyyə işçiləri iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Canəli Nəbiyev bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Canəli Nəbiyev həmçinin bildirib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
   Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Başçı bildirib ki, Azərbaycanda səhiyyə sahəsinin uğurlu inkişafı, tibbi kadrların hazırlanması və müasir Azərbaycanın mütərəqqi səhiyyə sistemi bilavasitə Azərbaycan elminin inkişafına və təhsilinə hər zaman xüsusi diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər XX əsrin 70-80-ci illərində siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi.
  Başçı hazırda çıxışında respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Həkimlərin fədakarlığından da danışan Eyvaz Hüseynov vurğulayıb ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağalaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Başçı çıxışının sonunda bir daha tibb işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
  Tədbirin sonunda rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olundu.
Keçidlər