"Heydər Əliyev və Azərbaycan İdmanı” adlı tədbir keçirilmişdir.
15 dekabr 2023 | 11:45
"Heydər Əliyev və Azərbaycan İdmanı” adlı tədbir keçirilmişdir.
“Heydər Əliyev İli”çərçivəsində yüksək nəticə əldə etmiş idmançılar, məşqçi müəllimlər və veteran idmançıların iştirakı ilə “Heydər Əliyev və Azərbaycan İdmanı” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda təhsil və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açılıb. YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği və sağlamlığın möhkəmləndirilməsi, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev həmişə idmançılara diqqətlə, qayğıyla yanaşmışdır. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin gün Ümummilli Liderimiz bu sözləri deyib: “ Bu gündən idmana və bədən tərbiyəsinə xüsusi qayğını öz üzərimə götürürəm və sizləri əmin edirəm ki, bu gündən bu qayğı və diqqəti öz üzərinizdə daim hiss edəcəksiniz”.
Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir.
Sonda il ərzində yüksək nəticə əldə etmiş idmançılar və peşəkarlığı ilə seçilən məşqçi-müəllimlər YAP Xocavənd Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edildilər.