“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” başlıqlı toplantı keçirilib
06 may 2025 | 16:51
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” başlıqlı toplantı keçirilib.
Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” başlıqlı toplantı keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Nicat Şirinov əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Daha sonra 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı.
Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov qeyd edbi ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Natiq bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin gənclər sahəsində həyata keçirdiyi siyasətin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi olduğunu qeyd ediblər.
Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilən videorolik nümayiş etdirilib.