“İnsan hüquqları dövlətin təməlidir” mövzusunda maarifləndirici toplantı keçirilib
09 iyun 2026 | 09:10
18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları dövlətin təməlidir” mövzusunda maarifləndirici toplantı keçirilib.
9 iyun 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Xaçınabad kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları dövlətin təməlidir” mövzusunda maarifləndirici toplantı keçirilib. Toplantının əsas məqsədi gənclər arasında insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi, vətəndaşlıq mövqeyinin formalaşdırılması və cəmiyyətdə hüquqi dövlət prinsiplərinin təşviq edilməsi olub. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov iştirakçılara “İnsan Hüquqları Aylığı”nın əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, hər il 18 may – 18 iyun tarixləri ölkəmizdə insan hüquqlarının təbliği, vətəndaşların hüquqi maarifləndirilməsi və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması məqsədilə “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Bu müddət ərzində respublikanın müxtəlif şəhər və rayonlarında seminarlar, görüşlər, müzakirələr və maarifləndirici tədbirlər təşkil edilir. Nicat Şirinov insan hüquqlarının cəmiyyətin inkişafında, sosial ədalətin təmin edilməsində və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, insan hüquqları hər bir şəxsin doğulduğu andan malik olduğu fundamental hüquq və azadlıqlardır və onların təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Daha sonra Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Pərviz Rəhmanov insan hüquqlarının əsas prinsipləri, bərabərlik hüququ, təhsil hüququ, fikir və söz azadlığı, təhlükəsizlik hüququ, əmək hüquqları, uşaq hüquqları və digər fundamental hüquqlar barədə geniş məlumat verib. O qeyd edib ki, hüquq və azadlıqlarla yanaşı, hər bir vətəndaşın cəmiyyət qarşısında müəyyən vəzifələri də mövcuddur və hüquqi cəmiyyətin formalaşması üçün hüquq və vəzifələrin qarşılıqlı şəkildə dərk edilməsi vacibdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Çingiz Quliyev çıxışında toplantı çərçivəsində gənclərin hüquqi biliklərinin artırılmasının, onların vətəndaşlıq mövqeyinin formalaşdırılmasının və dövlətçilik dəyərlərinə bağlılığının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, hüquqlarını bilən və onları müdafiə etməyi bacaran gənclər gələcəkdə cəmiyyətin daha fəal, məsuliyyətli və faydalı üzvlərinə çevrilirlər. Tədbir interaktiv müzakirələr şəraitində davam edib. İştirakçılar insan hüquqları sahəsində onları maraqlandıran sualları səsləndirərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. Verilən suallar ətraflı şəkildə cavablandırılıb. Sonda vurğulanıb ki, insan hüquqlarının müdafiəsi və təşviqi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Bu istiqamətdə aparılan maarifləndirmə işlərinin genişləndirilməsi, xüsusilə gənclər arasında hüquqi biliklərin artırılması gələcəkdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.






