"Komando hər yerdə" adlı tədbir keçirilib.
17 yanvar 2023 | 10:43
"Komando hər yerdə" adlı tədbir keçirilib.
17 yanvar 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində "Komando hər yerdə" adlı tədbir keçirilib. Rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən başçının müavini Azər Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, 44 günlük Vətən müharibəsini zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Döyüşlər zamanı əldə olunan təcrübə göstərdi ki, xüsusi təyinatlıların çevikliyinə, onların sürətli manevr imkanlarına adekvat birləşmələrin qurulmasına ehtiyac var. Məhz ona görə də orduda həyata keçirilən islahatların tərkib hissəsi kimi Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda peşəkarlığın artırılması, digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi üçün artıq bir neçə yeni komando hərbi hissəsi yaradılıb və bu proses davam etdirilməkdədir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır olan hərbi qruplardır. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər.
Müdafiə Nazirliyi tərəfindən Komando hərbi hissələrinə qəbul elan edildiyini bildirən natiqlər qəbul şərtləri ilə iştirakçıları tanış etmiş və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulamışlar.
Qeyd edək ki, azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 26 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.