“Konstitusiya və Suverenlik İli” çəçivəsində kitab sərgisi və “Milli suverenlik: Dövlət müstəqilliyinin təminatı” başlıqlı dəyirmi masa keçirilmişdir
11 mart 2025 | 12:29
“Konstitusiya və Suverenlik İli” çəçivəsində kitab sərgisi və “Milli suverenlik: Dövlət müstəqilliyinin təminatı” başlıqlı dəyirmi masa keçirilmişdir.
11 mart 2025-ci il tarixdə Rayon Mərkəzi Kitabxanasında Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Maliyyə Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çəçivəsində kitab sərgisi və “Milli suverenlik: Dövlət müstəqilliyinin təminatı” başlıqlı dəyirmi masa keçirilmişdir.
Rayon Mərkəzi Kitabxanasının qarşısında təşkil edilən sərgidə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə dair kitablar, Azərbaycan Konstitusiyasına dair nəşrlər, dövlət idarəçiliyi, hüquq, iqtisadiyyat və müstəqillik dövründə həyata keçirilən islahatlara dair müxtəlif kitab və məqalələr təqdim olunmuşdur.
Sərginin əsas məqsədi Konstitusiyamızın mahiyyətini və əhəmiyyətini vurğulamaq, hüquqi biliklərin artırılmasına töhfə vermək, dövlətçilik ənənələrini və suverenlik dəyərlərini təbliğ etməkdən ibarət olmuşdur.
Daha sonra tədbir dəyirmi masa ilə davam etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Nicat Şirinov, Rayon Maliyyə Şöbəsinin müdiri Bəhruz Məmmədov və digər natiqlər Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.