"Konstitusiya və Suverenlik İli” çərçivəsində Sərbəst güləş üzrə Xocavənd rayon açıq birinciliyi keçirilib
03 may 2025 | 09:33
"Konstitusiya və Suverenlik İli” çərçivəsində Sərbəst güləş üzrə Xocavənd rayon açıq birinciliyi keçirilib
Xocavənd rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatı, Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat məktəbi və Xocavənd rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayonun açıq birinciliyi keçirilib.
Turnirdə Ağdam, Ağcabədi, Sabirabad, Göyçay, Füzuli, Beyləqan və Xocavənd rayon komandalarının iştirakı ilə ümumilikdə 220 idmançı öz qüvvəsini sınayıb.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş açıq birinciliyin əhəmiyyətindən söz açaraq idmançılara uğurlar arzulayıblar. Bildirilib ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Vurğulanıb ki, bu gün Azərbaycan Beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Elə bir mötəbər idman yarışı yoxdur ki, Azərbaycan idmançıları qələbə əldə etməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə idman komplekslərinin tikilməsi və idmançılara hərtərəfli qayğı göstərilməsi ölkəmizdə idmanın inkişafına böyük təkan vermişdir. Sərbəst güləş Respublikamızda ən geniş yayılmış və sevilən idman növüdür. Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarında həmişə medalla qayıtmış,üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmışlar.
Sonda qalib idmançılara Diplom və medallar təqdim olunub.