“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilmişdir
26 may 2025 | 08:58
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilmişdir.
26 may 2025-ci il tarixdə Xocavənd rayonu Salakətin kənd tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Əvvəlcə dövlətimizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarix müəllimi, Əməkdar müəllim T.Aliyeva çıxış edərək bildirdi ki,müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideyalarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
Məktəbin psixoloqu A.Tahirova qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və müxtəlif islahatların əsası qoyulmuşdur.
O, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını, eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğunu və Dövlət Bayrağımızın əzəli torpaqlarımızda əzəmətlə dalğalandığını vurğuladı.
“Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar məktəbdə görüləcək işlər barədə məlumat verildi.
Sonda şagirdlərin hazırladıqları təqdimatlar dinlənilmişdir.