"Konstitutsiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30, Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
21 noyabr 2025 | 16:37
"Konstitutsiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30, Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Noyabrın 21-də Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 və Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında qeyd edib ki, 33 il əvvəl 1992-ci il noyabrın 21-də respublikamızda çox əlamətdar ictimai-siyasi tarixi hadisə baş verdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, mürəkkəb tarixi bir şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub.Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası 33 illik zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Başçı həmçinin Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlı bildirib ki, 30 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etməklə dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.
YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, ölkəmizin ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cu il dönümünü çox mühüm bir ərəfədə - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin, Şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün beşinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyət ilə bilavasitə bağlıdır.
Tədbirdə əməkdar müəllim Telli Alıyeva, və partiya fəalı Arzu Balakişiyeva da çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.






