“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda tədbir keçirilib
“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.
03 noyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı aparatı, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişdir. Toplantının əsas məqsədi dövlət qulluqçularının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, etik davranış mədəniyyətinin təbliği və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olmuşdur. Tədbiri giriş sözü ilə Başçının müavini- Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov açaraq, dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən, etik prinsiplərin qorunmasının əhəmiyyətindən danışmış, korrupsiya hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Daha sonra çıxış edənlər qeyd etmişlər ki, korrupsiyaya qarşı mübarizə dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biridir. “2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində bütün dövlət qurumlarında şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, dövlət qulluqçuları vəzifə səlahiyyətlərini yerinə yetirərkən qanunçuluq, obyektivlik, məsuliyyət, etik davranış, vətəndaşlarla səmimi və ədalətli münasibət prinsiplərinə riayət etməlidirlər. Tədbirdə, həmçinin dövlət qulluqçularının peşə davranış qaydalarının pozulmasının inzibati və intizam məsuliyyətinə səbəb ola biləcəyi, hər bir əməkdaşın korrupsiya risklərinin qarşısının alınmasında şəxsi nümunə göstərməsinin vacibliyi vurğulanmışdır. Müzakirələr zamanı iştirakçılar tərəfindən etik davranışla bağlı praktiki situasiyalar üzrə fikir mübadiləsi aparılmış, dövlət qulluğunda şəffaf idarəetmənin təmin olunması yolları barədə təkliflər səsləndirilmişdir. Sonda tədbirin belə maarifləndirici xarakter daşıyan görüşlərin davamlı olaraq təşkil edilməsinin vacibliyi qeyd edilmiş, bu cür görüşlərin dövlət qulluqçularında məsuliyyət hissinin daha da artırılmasına və korrupsiyaya qarşı ictimai nəzarətin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanmışdır.






