“Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
“Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
04.08.2022-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasının binasında Səhiyyə işçilərinin, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının və Polis Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru xanım Kifayət Hacıyeva çıxış edərək bildirdi ki, Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır” . Kliniki tərifə gəldikdə isə məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır. Məişət zorakılığının kliniki tərifi onun hüquqi tərifindən daha genişdir və buna görə də araşdırılması çox böyük əhəmiyyətə malikdir. Belə ki, məişət zorakılığı və ya şiddət törətmək seçimi daha çox davranışla səciyyəvi olan bir problemdir və bu problem adətən şəxsin uşaqlıq vaxtında nə dərəcədə valideynlərinin bir-birinə qarşı zorakılıq törətdiklərinə şahidliyi ilə sonradan öyrənilən bir prosesə çevrilir.
Daha sonra Polis Şöbəsinin əməkdaşı çıxış edərək bildirdi ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir. Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolunun böyük rolu vardır.