“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilmişdir.
22 iyun 2023 | 10:17
“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilmişdir.
22 iyun 2023-cü ildə Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında 26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin , Xocavənd Rayon Mərkəzi Xəstəxansı Publik Hüquqi şəxsin, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları, eyni zamanda ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak etmişdir. Tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyasının sədri Əfsanə Quliyeva açaraq bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Azərbaycan dövlətinin narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlər gördüyünü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.
Daha sonra narkotik vasitələrin zərərlərindən, insan həyatına vurduğu zərbələrdən bəhs edən video-rolikə baxılmışdır.
Tədbirdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Canəli Nəbiyev çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.
Xocavənd Rayon Polis Şöbəsinin rəis müavini Hacıyev Oktay çıxışı zamanı son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Xocavənd rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyi vurğuladı.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixloqu Həsənov Orxan çıxışında bildirmişdir ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edərək ətraflı məlumat verib.
Tdəyirmi masada çıxış edən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm də bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışdı.
Tədbir qarşılıqlı müzakirə şəklində davam etdi.