Növbəti səyyar qəbul 19 oktyabr 2023-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində keçirilib.
19 oktyabr 2023 | 16:36
Növbəti səyyar qəbul 500 ailəlik Xocavənd qəsəbəsində keçirilib.
19 oktyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb. Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik. Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.