Növbəti səyyar qəbul Abşeron rayonunda keçirilib
05 noyabr 2026 | 14:39
Növbəti səyyar qəbul Abşeron rayonunda keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 2026-cı il noyabrın 5-də Abşeron rayonu ərazisində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Tədbir iştirakçılarını səmimi salamlayan Rayon İcra Hakimiyyətinin başçısı, son bir ay ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəsmi fəaliyyətinin daxili və xarici siyasət müstəvisində son dərəcə intensiv və məhsuldar iş qrafiki ilə yadda qaldığını xüsusi qeyd etmişdir. Nitqdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatik təmasların, habelə regionların tarazlı inkişafına və ölkədaxili irimiqyaslı quruculuq işlərinə yönələn strateji qəbul və qərarların müstəsna əhəmiyyəti diqqətə çatdırılmışdır.
Hesabat dövründə Bakı şəhərinin ev sahibliyi etdiyi irimiqyaslı beynəlxalq tədbirlər çərçivəsində, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları rəhbərlərinin iştirakı ilə reallaşan görüşün və digər yüksək səviyyəli diplomatik qəbulların regional təhlükəsizlik baxımından mühüm rəsmi nəticələr verdiyi vurğulanmışdır. Bu mötəbər platformalarda Türk dünyasının sarsılmaz birliyi, transmilli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və regionda sülhün davamlılığı prioritet mövzu kimi önə çəkilmişdir. Eyni zamanda, respublikamızda səfərdə olan xarici dövlət rəsmilərinin və beynəlxalq nümayəndə heyətlərinin qəbulu zamanı Azərbaycanın qlobal arenada yürütdüyü aktiv və çoxvektorlu diplomatiya xəttinin uğurları bir daha təsdiqini tapmışdır.
Çıxış zamanı Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) 8-ci qurultayındakı tarixi və proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrə geniş yer verilmişdir. Xüsusilə, cənab Prezidentin rəsmi olaraq bəyan etdiyi ideoloji mühafizə prinsiplərinin əhəmiyyəti önə çəkilərək bildirilmişdir ki, müasir dövrün qlobal çağırışları fonunda milli-mənəvi dəyərlərin, adət-ənənələrin və daxili sabitliyin qorunması dövlətimizin milli təhlükəsizlik siyasətinin təməlini təşkil edir. Gənc nəslin azərbaycançılıq məfkurəsi və dövlətçilik ruhunda tərbiyə olunmasının, kənardan yönələn hər növ zərərli ideoloji təsirlərə qarşı ayıq-sayıqlığın artırılmasının vacibliyi qeyd olunmuşdur. Dövlət başçısının ifadə etdiyi kimi, dünyada geosiyasi münaqişələrin kəskinləşdiyi bir vaxtda, Azərbaycanın sülh və sabitlik adası kimi mövqeyini qoruması ən böyük sərvətdir və bu reallıq milli maraqlarımızın qətiyyətlə müdafiəsini mütəmadi olaraq gündəlikdə saxlamağı tələb edir.
Tədbirdə həmçinin ölkə rəhbərliyinin sosial tərəqqi xəttinə sadiqliyi vurğulanaraq, qurultayda verilən tapşırıqlara uyğun olaraq növbəti ildə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılmasının vətəndaşların rifah halını daha da yaxşılaşdıracağı qeyd edilmişdir. Bununla yanaşı, azad edilmiş torpaqlarımızın dirçəldilməsi və "Böyük Qayıdış" Dövlət Proqramının uğurlu icrası barədə ən son statistik məlumatlar paylanılmışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın daimi məskunlaşdığı, bu günədək infrastruktur layihələrinə 28 milyard manat vəsaitin yönəldildiyi və 48 yaşayış məntəqəsində məskunlaşmanın uğurla tamamlandığı diqqətə çatdırılmışdır.
Bu ümumi dövlət siyasətinin tərkib hissəsi olaraq Xocavənd rayonu üzrə də məskunlaşma prosesi intensiv şəkildə davam edir. Belə ki, 2025-ci ilin oktyabr ayından etibarən keçən dövrdə rayonun 8 yaşayış məntəqəsinə 1097 ailə (4435 sakin) köçürülmüş, yerlərdə müasir məktəb və xəstəxana binaları tam fəaliyyətə başlamışdır. Görüşdə sakinlərə öz ata-baba torpaqlarına qayıdışla bağlı çağırış edilmiş, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərində yaradılmış yüksəkyaşayış standartları və əlverişli şərait barədə ətraflı məlumat verilmişdir. Görüşün yekununda səyyar qəbulda iştirak edən sakinlərin müraciət və təklifləri fərdi qaydada dinlənilmişdir.






