Oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətində tədbir keçirilib
01 oktyabr 2025 | 17:56
Oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək müstəqil dövlətimizin memarının əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbirdə Xocavənd RİH-in başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri və rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Eyvaz Hüseynov prokurorluq işçilərini təbrik edərək, onların fəaliyyətinin dövlətin hüquq sistemində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, hələ Sovet dövründən bu günə qədər prokurorluq orqanları qarşıya qoyulmuş vəzifələrin icrasında prinsipiallıq və məsuliyyət nümayiş etdiriblər. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti, xüsusən Qarabağda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri hüquq-mühafizə orqanlarının da üzərinə mühüm məsuliyyət qoyur. Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətində ədalət, obyektivlik və qanunun aliliyinə sadiqlik hər zaman əsas prinsipdir və bu prinsiplərin qorunması dövlətimizin hüquqi inkişafına mühüm töhfə verir.
Tədbirdə çıxış edən Xocavənd rayon prokuroru Taleh Osmanov tədbirin təşkilinə görə RİH başçısı başda olmaqla, bütün təşkilatçılara minnətdarlığını bildirib, dövlətimizin hüquqi siyasətinin həyata keçirilməsində prokurorluq orqanlarının rolundan danışıb. Qeyd edilib ki, 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Prokurorluğu bu gün 107 illik şərəfli inkişaf yolu keçərək, müasir dövrdə də öz missiyasını uğurla davam etdirir. Xocavənd Rayon Prokurorluğu bundan sonra da fəaliyyətində qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dövlətçilik prinsiplərinə sadiqliyin qorunması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirəcək.
Tədbirdə digər çıxış edənlər prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, ölkəmizdə ictimai asayişin qorunması, vətəndaşların hüquqlarının müdafiəsi baxımından prokurorluq orqanlarının fəaliyyəti əvəzsiz əhəmiyyət kəsb edir.
Tədbirin sonunda Xocavənd Rayon Prokurorluğunun bir qrup əməkdaşı Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.






