“Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib
30 avqust 2023 | 17:33
“Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib
30 avqust 20123-cü il tarixdə Xocavənd rayon 4 saylı tam orta məktəbində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəbin müəllimləri və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Məlumat verilib ki, layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının (sahəsi 251.88㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91 min 297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb. Bu layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılması və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 milyon 070 min ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.