Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

14 oktyabr 2026 | 09:16
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
14 oktyabr 2026-cı il tarixdə Xocavənd qəsəbəsindəki Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov müşavirədə geniş məruzə ilə çıxış edərək, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətini vurğulayıb. Başçı Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xocavəndə rayonunda köç prosesi barədə məlumat verib.
Rayon rəhbəri çıxışında milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edib. İdeoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğunu bildirərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının üzvü Müslüm Allahverdiyev, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Yaşar Əhmədov, Əməkdar müəllim Telli Alıyeva, Vətən müharibəsi iştirakçısı Hafiz Mirzəliyev, Şəhid xanımı Ləman İsmayılxanlı, məktəb direktoru Oqtay Göyüşov YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrlə bağlı fikirlərini bildiriblər.
Çıxışlarda ölkəmizin iqtisadi imkanlarının genişlənməsindən, hərbi gücünün artmasından, beynəlxalq nüfuzunun yüksəlməsindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edilib. Vurğulanıb ki, güclü dövlət, möhkəm dövlətçilik ənənələri, sağlam cəmiyyət və savadlı, vətənpərvər gənclik Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dəyərlərin qorunması və daha da möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.
Keçidlər