Qaradağlı kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib
24 aprel 2024 | 14:27
Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
24 aprel 2024-cü il tarixdə Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatıçlığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Qaradağlı kənd tam orta məktəbin direktoru Zülfiyyə Tahirova iştirakçılara ətraflı məlumat verərək bildirib ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində çoxşaxəli işlər görülür. Z.Tahirova qeyd edib ki, bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Xocavənd Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini N.Şirinov çıxış zamanı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışaraq, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Natiq, şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu bildirmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışı zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, eyni zamanda erkən nikah və narkomaniya kimi problemləri yaradan səbəblərin müəyyən olunaraq, aradan qaldırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə digər çıxış edənlər dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyi, həmçinin cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Sonda şagirdləri maraqlandıran sullar cavablandırılıb.