Qaradağlı kənd tam orta məktəbində “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçirilmişdi.
Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 may 2024-cü il tarixdə Qaradağlı kənd tam orta məktəbində “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçirilmişdi. Tədbirdən çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova qeyd etdi ki, Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir.
Məruzə və çıxışlarda narkomaniyaya qarşı mübarizə sahəsində rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışılıb.