Şriftin ölçüsü :

Saytın rəngi :

"Qurtuluşdan Zəfərə" adlı dəyirmi masa keçirilmişdir.

16 iyun 2022 | 10:56
    "Qurtuluşdan Zəfərə" adlı dəyirmi masa keçirilmişdir.
    14 iyun 2022-ci il tarixdə Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan Zəfərə" adlı dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir iştiraçılarını təbrik etdi, bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Daha sonra natiq bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
   Başçı qeyd etdi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Başçı beləliklə, bu mühüm tarixi günün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunduğunu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
  Başçı vurğuladı ki, ulu öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
  Tədbirdə digər çıxış edənlər bu günün böyük ictimai-siyasi və tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən geniş bəhs etdilər.
Keçidlər