Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu 14.09.2023-cü il tarixdə keçirilib.
14 sentyabr 2023 | 17:00
14 sentyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov son zamanlar cəbhə xəttində baş verən hadisələrə toxunaraq qeyd etdi ki, separatçılar, eləcə də Ermənistan hərbçiləri mütəmadi şəkildə təmas xəttində ordumuza qarşı hərbi təxribatlar törətməyə cəhd edir, bunun üçün ən ağlagəlməz üsullara əl atırlar. Düşmənin Xocavənd istiqamətində ordumuza qarşı təxribat məqsədi ilə itdən sui-qəsdçi kimi istifadəyə cəhd göstərməsi erməni xislətinin nə qədər qorxunc və məkirli olduğunu göstərir. Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.