Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Şirvan şəhərində məskunlaşan vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

11 dekabr 2023 | 17:32
   Şirvan şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 650 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
   11 dekabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Şirvan şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 650 ailəlik məcburi köçkün qəsəbəsində MİS-in inzibati binasında sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 20-ci ildönümü ərəfəsində olduğumuzu bildirərək, ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını xahiş etmişdir. Başçı bildirib ki, hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin milli irs və düşüncə əsasında həyata vəsiqə alması üçün əlverişli siyasi mühit, bütün sahələri istiqamətləndirməyi bacaran güclü və vətənpərvər liderinin olması əsas şərtdir. Müəyyən mərhələdə önə çıxan fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq haqqı qazanırlar. XX əsrdə Azərbaycanın yetirdiyi ən böyük dövlət xadimi ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdən olub. Dahi rəhbər müasir dövlətimizin ideoloji - siyasi əsaslarını tarixi irs və milli - mənəvi dəyərlər zəminində yaradaraq xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan ulu öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdir. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdur.
   Eyvaz Hüseynov qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə - 1969-cu il və ondan sonrakı illərdə Heydər Əliyev qurucu lider kimi tanınmağa başladı. Ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün nəhəng işlərə imza atdı. Ədəbiyyat, sənət, mədəniyyət sahəsi inkişaf etdi. Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Natiq Ümummili lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı barədə danışaraq bildirib ki, Azərbaycan dövləti müstəqilliyinin ilk illərində vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələr baş qaldırırdı. Səriştəsiz insanlardan təşkil olunmuş müvəqqəti iqtidarlar yaranmış vəziyyətdən çıxış üçün aydın fəaliyyət planına malik deyildi. Azərbaycan açıq şəkildə fəlakətə sürüklənirdi. Belə bir məqamda Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və qayıdışının ilk saatlarından etibarən bütün imkanlarından, siyasi təcrübəsindən faydalanaraq silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğını qorxusundan uzaqlaşdırdı. Sonrakı illərdə Azərbaycana qarşı yönələn xarici təhdidlərin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi. Cəmiyyətdə hüququn aliliyini təmin etdi. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycfan dövləti dünya ölkələri sırasında öz layiqli yerini tutub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Rəhbər, ordu xalq birliyi nəticəsində əldə olunmuş tarixi Zəfər bütün dünyaya Azərbaycan xalqının necə böyük və qüdrətli xalq olduğunu bir daha nümayiş etdirdi. Eyvaz Hüseynov tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd etdi. Artıq keçmiş məcburi köçkünlərin mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərimizə qaytarıldıqlarını vurğulayan Eyvaz Hüseynov, bu prosesin getdikcə daha da intensivləşəcəyinə əminliyini ifadə etdi. Sonda başçı dahi öndərə Allahdan rəhmət diləmiş və xalqımızın unudulmaz liderinin əziz xatirəsinin əbədi olaraq yaddaşlarda yaşayacağını qeyd etmişdir.
   Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər