“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib
13 may 2024 | 17:44
“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 may 2024-cü il tarixdə Qaradağlı kənd tam orta məktəbində Beynəlxalq Ailə Gününə həsr olunmuş “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib. Tədbirdə rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdir. Təbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov iştirakçıları salamlayaraq qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə uyğun olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Natiq bildirib ki, hələ Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilmiş, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, bu sahədə hüquqi baza yaradılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur.Bu gün respublikamızda dövlət ailə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirən Nicat Şirinov qeyd edib ki, hal-hazırda həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır. Bu gün ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.Tədbirdə çıxış edən Qaradağlı kənd tam orta məktəbinin direktoru Zülfiyyə Tahirova ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışıb, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasını xüsusi ilə qeyd edib.