Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib

16 aprel 2025 | 14:18
“Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib.
16 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov bildirib ki, yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib. Nicat Şirinov vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdır. Ötən müddətdə bu sahədə müvafiq qanunvericilik sənədləri qəbul olunmuş, ölkəmiz bir sıra beynəlxalq konvensiya və sənədlərə qoşulmuşdur. Bu işlərin davamı olaraq ölkə başçısının 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə növbəti fəaliyyət sənədi - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması və digər məsələlər yer almışdır.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun müdiri Aslan Quliyev çıxış edərək qeyd edib ki, bu gün narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Natiq bildirib ki, narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir.
Daha sonra çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə tədbirlərinin daha da artırılmasının vacibliyini dilə gətirimiş, vətəndaş cəmiyyəti, dövlət qurumları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlığın ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına sanballı töhfə ola biləcəyini vurğulamışlar.
Keçidlər