“Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!. Narkomaniya ilə mübarizə!”
17 may 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya, Rayon Polis şöbəsi, Təhsil sektoru, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisssiya ilə birgə yeniyetmə və gəncləri narkomanlığın törətdiyi ağır fəsadlar barədə məlumatlandırmaq məqsədi ilə Qaradağlı kənd tam orta məktəbində “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!. Narkomaniya ilə mübarizə!” adlı maarifləndirici tədbir keçirilmişdir. Əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlarla bağlı qısametrajlı film nümayiş olunub. Filmdə narkomaniyanın qurbanına çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Filmin qəhrəmanları insanları "ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər. Daha sonra tədbirdə çıxış edənlər bildirmişlərki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Bundan başqa gənclərə narkoxassəli bitkilərin qanunsuz əkilib becərildiyi, yaxud yabanı halda bitdiyi sahələr və narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər barədə hər hansı bir məlumat əldə edilərsə tərəddüd etmədən aidiyyəti orqanlara məlumat vermənin vacibliyi aşılanmışdır.