Sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbir keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasında iqtisadiyyatın qeyri-neft özəl sektorunun inkişafının dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu nəzərə alaraq, sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbir keçirilmişdir.
Tədbir “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 268 nömrəli Fərmanının 17-ci bəndinin icrası çərçivəsində təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəmli açaraq gündəlikdə duran məsələlər barədə ətraflı məlumat vermişdir. O, çıxışında bildirmişdir ki, qeyri-neft özəl sektorunun inkişafı, sahibkarlığın təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan bütün dövlət orqanları və qurumları tərəfindən sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.
Asim Rüstəmli qeyd etmişdir ki, dövlət-biznes münasibətlərində şəffaflığın təmin olunması, sahibkarların hüquq və qanuni maraqlarının qorunması, habelə vəzifəsindən sui-istifadə edən və qanun pozuntularına yol verən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi iqtisadi islahatların uğurla həyata keçirilməsinin əsas şərtlərindəndir.
Tədbir zamanı həmçinin 2025-ci il dövlət büdcəsinin tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələbləri, büdcə vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə məsələləri, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunmuşdur.
Sonda vurğulanmışdır ki, qeyri-neft özəl sektorunun inkişafı regionların sosial-iqtisadi tərəqqisinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verir. Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən dövlət siyasətinə uyğun olaraq sahibkarlığın inkişafına bundan sonra da hərtərəfli dəstək göstərilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi davam etdiriləcəkdir.






